Partiya xəbərləri
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının hesabat-seçki konfransı keçirilib
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Qadınlar Şurasının növbəti hesabat-seçki konfransı keçirilib. Konfransı giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq ölkəmizin ictimai-siyasi həyatında qadınların rolu barədə fikirlərini bildirib. T.Tağıyev qeyd edib ki, bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, uğurlu qadın siyasəti həyata keçirilir.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova məruzə ilə çıxış edib.
Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Aynur Sofiyeva vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınları üçün bir nümunə təşkil edir: “Hazırda Mehriban Əliyevanın humanist və mədəni layihələri onlarla ölkələr tərəfindən dəstəklənir. Onun nüfuzu və işgüzarlığı sayəsində ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib”.
Konfransda həmçinin, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova və başqaları çıxış edərək şuranın hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Daha sonra təşkilatı məsələlərə baxılıb. Məhəbbət İbrahimova yekdilliklə yenidən YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri seçilib. Eyni zamanda, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının idarə heyəti və şura üzvləri seçilib.
Sonda YAP Qadınlar Şurasının növbəti hesabat-seçki konfransına 22 nümayəndənin seçilməsi qərara alınıb.